Əfsanələr qarşılaşdı, Qurban Qurbanov penaltini qaçırdı

Əfsanələr qarşılaşdı, Qurban Qurbanov penaltini qaçırdı

Mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatına həsr olunan “Legend Cup” matçı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan futbolununun məşhurları mini meydançada qarşılaşıblar.

Milli Gimnastika Arenasında baş tutan oyunda “Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” üz-üzə gəlib

Maraqlı keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. “Premyerliqa məşqçiləri”nin heyətində Əfran İsmayilov (31) fərqlənib, "Neftçi 2000-lər"in qolunu isə Rəşad Sadiqov (45) vurub.

Penaltilər seriyasında daha dəqiq olan “Premyerliqa məşqçiləri” 3:2 hesablı qələbə qazanıblar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov penaltidən yararlana bilməyib. Onun zərbəsini Hüseyn Məhəmmədov dəf edib.

Oyunu Azərbaycanın A milli futbol komandasının baş məşqçisi Fernandu Santuş da izləyib.

Baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında “Neftçi 2000-lər”in heyətində Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Rəşad Sadiqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Samir Ələkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev oynayıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi “Premyerliqa” məşqçiləri komandasının heyətində meydana Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Qurban Qurbanov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev, Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov meydana çıxıblar.

Qeyd edək ki, 32 yığmanın iştirakı ilə baş tutacaq mundial iyunun 1-dək davam edəcək.