"Fikirləşirik ki, növbəti oyun üçün 11 nəfər tapaq" - Ayxan Abbasov

"Fikirləşirik ki, növbəti oyun üçün 11 nəfər tapaq" - Ayxan Abbasov

"Maraqlı və gərgin oyun oldu. Birinci hissədə taktiki savaş getdi. Təəssüf ki, Balau fürsətdən istifadə etmədi".

"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 26-cı turunun "Zirə" ilə səfər oyunu haqda danışıb, 1:1 hesablı heç-heçəni şərh edib:

"Bilirdik ki, fasilədən sonra rəqib dəyişiklik edəcək. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız bizi çətin duruma saldı.

Qol buraxdıqdan sonra da komanda dağılmadı, sona qədər şansımızı saxladıq. Bir çox oyunlarda bu çatmırdı, qol buraxdıqdan sonra dağılmışıq, ikinci qolu buraxmışıq.

10 nəfərlə "Zirə" kimi komandadan xal almaq uğurdur. Bu mövsüm "Şamaxı" boyundan yuxarı tullandı.

İstəyimiz budur ki, futbolçular sona qədər mübarizə aparsınlar. Rəqibi də təbrik edirəm, bir xal qazandılar".


Dioqu Balauya çox əsəbiləşdiniz. Günah onda idi?

- Nəyə əsəbiləşdim? Topu qəbul etdikdən sonra bu səhvləri edirdi. İrəliyə oynamaq istəyirdi. Birinci hissədə də öz tərəfimizdə elə səhv etmişdi. Üzücü hal odur ki, gələn oyun üçün itkilərimiz çoxdur.

Qarşıdakı turda cəzalılarınız çox olacaq...

- Kərim Rossi, Dioqu Balau və mən də cəzalıyam. Sizinlə danışa-danışa fikirləşirik ki, növbəti oyun üçün 11 nəfər tapaq.