"İnanıram ki, komanda istədiyimiz səviyyəyə çatacaq" - Azər Bağırov
"Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis "Qəbələ" ilə yoxlama matçı haqqında fikirlərini bölüşüb, çatışmazlıqların olduğunu bildirib:
"Akademiyadan da 4 oyunçunu yoxlamaq imkanımız oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq.
Veysəl Rzayev ilk oyununa çıxdı və yaxşı təsir bağışladı. Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İki hissəli oyunda ilk onbirliyimizi meydana buraxmadıq.
Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim. Əsas odur ki, zədəsiz, itkisiz matçı başa vurduq. Bir həftədir məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq".
Xatırladaq ki, Gəncə klubu "Qəbələ"yə 1:3 hesabı ilə məğlub olub.
