"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - AFFA-nın rəsmisi
"2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 dünya çempionatına ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb".
"Mediasport" xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
Federasiya rəsmisi U-20 milli komandamızın yeni baş məşqçisi Rui Jorjenin təqdimat mərasimində sualları cavablandırıb:
"Ötən həftə U-20 yığmasının baş məşqçi təyinatı rəsmiləşdi. Onun haqda AFFA-nın saytında müəyyən məlumatlar verilib. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib.
15 ilə yaxın Portuqaliyanın U-21 yığmasının baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq, təcrübəsini futbolçularımıza ötürə biləcək və yığmamız dünya çempionatında uğurlu çıxış edəcək".
Baş məşqçi postu üçün başqa namizədlər var idi?
- Fevralın 19-da AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi və bir neçə namizəd üzərində məsələyə baxıldı. Jorjenin namizədliyi təsdiqlənəndə iclasdan sonra hüquqi proseslər yerinə yetirildi. İcraiyyə Komitəsinin tapşırığı olmuşdu ki, hüquqi proseslər həllini tapsın. Təyinat olanda ən əsas məqam təcrübə idi. Rui Jorjenin böyük təcrübəyə malik olması... Portuqaliya yığmasında uzun illər işləyib. Bu məsələlər əsas götürüldü.
Baş məşqçinin qarşısına əsas hansı hədəf qoyulub? Dünya çempionatında uğurlu çıxış, yoxsa əsas milliyə gələcək üçün futbolçu vermək?
- İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin. Ən azından millimiz güclü komandalara qarşı döyüşə bilsin. Uğurlu çıxış deyəndə bunu nəzərdə tuturuq. Gələcəkdə necə olacağını bilmirəm. Hazırda biz ancaq dünya çempionatından danışırıq. Məqsəd də ancaq DÇ üçün qoyulan məqsədlərdir.
Dünya çempionatının açılış oyunu nə vaxt keçiriləcək? Bakıda olacaq?
- Hələ danışıqlar gedir. Biz və FİFA, Özbəkistan Futbol Federasiyası ilə əlaqədəyik. Aylar bəllidir, tarixlər yox. Sentyabrdan oktyabra qədər keçirilməlidir, turnir 21-23 günlük olmalıdır.
Ev sahibi kimi layiqli oynamağa məcburuq. Belə olanda halda, kütləvi milliləşdirmə prosesi baş verə bilər? Vaxtı ilə millilərə Almaniyadan xeyli sayda türkiyəli oyunçu cəlb edilmişdi...
- Birmənalı şəkildə qeyd edə bilərəm ki, kütləvi şəkildə baş verməyəcək. Elə ola bilər ki, futbolçu Azərbaycan əsilli olsun ya da valideyinlərindən biri sırf azərbaycanlı olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni 20 futbolçudan 17-i milliləşdirilmiş olmayacaq.
