"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradıldı

"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradıldı

"Kəpəz" Peşəkar Futbol Klubunun nəzdində yeni şura – "Gəncənin futbol əfsanələri" təsis edilib.

"Mediasport" xəbər verir ki, məsələ ilə bağlı keçirilən tədbirdə "Kəpəz" PFK-nın infrastruktur rəhbəri Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, köməkçi məşqçi Zaur Əsədov, eləcə də Gəncə futbolunda dərin iz qoymuş sabiq futbolçular iştirak ediblər.

İclas iştirakçıları əvvəlcə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin, həmçinin dünyasını dəyişmiş futbolçuların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən klubun infrastruktur rəhbəri Ruslan Məmmədov şuranın yaradılma məqsədi barədə məlumat verib. O, bildirib ki, şuranın əsas məqsədi Gəncə futbolunun tarixi irsini qorumaq, təcrübəli futbolçularla gənc nəsil arasında əlaqəni gücləndirməkdir.

R.Məmmədov həmçinin şuranın şüarını açıqlayıb - "Əfsanələr keçmişdə qalmır – onlar gələcəyini qurur".

O, şuranın sədri vəzifəsinə Əli Rəhimovun namizədliyini irəli sürüb. İştirakçılar təklifi dəstəkləyiblər və Əli Rəhimov "Gəncənin futbol əfsanələri" şurasının sədri seçilib.

Etimada görə minnətdarlığını bildirən Əli Rəhimov şuranın gələcək planları barədə danışıb, Gəncə futbolunun inkişafı istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Tədbirin sonunda keçmiş futbolçular öz fikirlərini səsləndirib, təklif və iradlarını bölüşüblər. İclas iştirakçıları ilə xatirə şəkli çəkdirilib.