"Sabah"da haqsızlığa göz yummadı, komandanı tərk etdi - RƏSMİ

Azərbaycan millisinin qapıçısı Yusif İmanov "Sabah"dan gedib
"Mediasport" xəbər verir ki, gənc qolkiper Masazır klubunu haqsızlığa görə tərk etdiyini açıqlayıb.
Yusif bununla bağlı bunu sosial şəbəkə hesabında paylaşım edib:
"16 yaşımdan bu klubun bir parçası olmağa başladım və o gündən bu günə qədər "Sabah" Futbol Klubunun formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli mərhələ oldu.
Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi".
23 yaşlı qolkiperin sözlərinə görə, bu qərarı verməyə məcbur olub:
"Vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim.
Artıq 1 aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi.
“Sabah”da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm.
Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!".