"Komanda lap əvvəldən mənə etibar etdi" - "Qarabağ"ın legioneri

"Komanda lap əvvəldən mənə etibar etdi" - "Qarabağ"ın legioneri

"Azərbaycana köçmək böyük bir dəyişiklik idi, bunu etdiyim və belə fürsəti qazandığım üçün şadam. Komanda lap əvvəldən mənə etibar etdi".

"Mediasport" xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bençe Varkonyi deyib.

Məhz Ağdam klubuna keçidindən sonra karyerasında ilk dəfə ölkəsinin milli komandasına dəvət alan müdafiəçi Macarıstan mətbuatına açıqlamasında Azərbaycandakı karyerasından söz açıb, yığmada debütünü səbirsizliklə gözlədiyini bildirib:

"Təəssüf ki, bu il avrokubokun əsas mərhələsinə vəsiqə qazana bilmədik. Ancaq yenə də vacib təcrübə qazana bildim. Düşünürəm ki, oyunlarımız da olduqca yaxşı keçdi.

Milliyə gəlincə, fikrimcə, istənilən idman növündə hər kəsin hədəfi bu olur. Bu, böyük xoşbəxtlikdir. Aşağı yaş qruplarından ibarət yığma komandalarda oynamaq şansım olmasa da, əsas millidə forma geyinməyi səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, "Qarabağ" bu ilin iyulunda Varkonyi ilə 3 illik müqavilə bağlayıb.