"Bizim səhv etmək şansımız yoxdur" - Vernidub 6:0-ı şərh etdi

"Bizim səhv etmək şansımız yoxdur" - Vernidub 6:0-ı şərh etdi

"Öncə hər kəsin bayramını təbrik edirəm. Bildiyimə görə, Azərbaycanda böyük bayramdır. Bütün futbolçularıma təşəkkür edirəm ki, oyuna böyük arzu ilə çıxdılar. Çox gözəl əhval-ruhiyyələri var idi".

"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 25-ci turunun "İmişli" ilə oyunundna sonra keçirilən mətbuat konfransında iştirak edib.

Qarşılaşma haqda fikirlərini bildirən çalışdırıcı 6:0 hesablı darmadağına münasibət bildirib:

"Bassaka Sambu və Vensan Abubakar zədələndilər, Ağadadaş Salyanski və Alesio Kurçi qalmışdı. Kurçi daha çox vingerdir, cinahlarda oynayır.

Biz bu barədə düşündük. Qəbələdə də Freddi Varqasa şans vermişdik. Düşündük ki, bu oyunda da ona həmin mövqedə şans verək.

Danışdıq ki, o, daha çox gizli "9 nömrə" olsun. Pis də alınmadı, yaxşı nəticə oldu. Biz bundan qabaq "İmişli"yə bir dəfə uduzmuşduq, bir dəfə heç-heçə etmişdik. Bu da "Neftçi" üçün yaxşı nəticə deyildi.

Biz öz borcumuzu qaytarmalıydıq. Futbolçular da bunu etdilər, minnətdaram. İstirahət üçün vaxtları olacaq.

Ayın 24-dən məşqlərə başlayacağıq. Bizim səhv etmək şansımız yoxdur. Avrokuboklarda iştirak etmək üçün səhvlər buraxılmamalıdır. Elə rəqiblərlə oyunlarımız olacaq ki, onlar da bu yerlər üçün oynayır. Orada artıq bizim xarakterimizi görə bilərik. Maraqlı olacaq". 

Ağadadaş Salyanski meydana çıxmadı. U-21 yığmamızında üzvüdür. O, rəqabətdə çox geri qalır ki, oynamır?

- Şans hər kəsə veriləcək, ona da. Baş məşqçi mənəm. Gördüyüm odur ki, hazırki rəqabətdə digər oyunçulara bir az uduzur. Amma gəncdir, hələ həyatı qarşıdadır.  Ona ümidlərim var. Daha çox məşq edərək, şans əldə edəcək. Bəzən səbr etmək lazımdır. Başa düşürəm, hamısı oynamaq istəyir.  

"Neftçi" mövsüm ərzində 5 xal itirdiyi komandaya 6 cavabsız qol vurursa, bu xal itkilərinin günaharı kimdir? 

- Komanda uduzursa, günahkar məşqçidir, udursa, səbəbkar futbolçulardır. Kimisə günahkar çıxarmaq istəmirəm. Əlimizdən gələni edirik ki, uduzmayaq. Məğlubiyyyətlər qaçılmazdır. Amma əsas odur ki, bu məğlubiyyəti həzm edə biləsən və yola davam edəsən. Xoşuma gələn o oldu ki, biz uduzandan sonra iki matçda qalib gəldik. Futbolçularım məğlubiyyəti həzm edərək, qarşıdakı matçlara qələbə üçün çıxırlar.

Bundan sonrakı oyunlarda Abubakar və Sambu hazır olsa, meydanda "İmişli"yə qarşı oynayan heyəti görə bilərik?

- Hər rəqibimizi yaxşı təhlil edib öyrənirik. Baxırıq, görürük ki, rəqib 4 yoxsa 5 müdafiəçi ilə oynayır. Buna uyğun da strategiyamızı qururuq ki, sistemimiz bizə qələbə gətirsin. Çox ciddi təhlillər aparırıq. Gecə 2-3-dən tez yatmırıq, o qədər ciddi hazırlaşırıq. Səhər isə məşqə çıxırıq. Heç də asan iş deyil. Kənardan asan görünsə də, çox çətindir.

Freddi Varqasın hər matçda bu səviyyədə çıxış etməsinə nə mane olur?

- Mənim bu suala cavab verməyim çətin olar. Yaxşı olardı ki, sualı ona verəsiz. Çox texniki və istedadlı oyunçudur. Öz işinə daha ciddi və daha əzmlə yanaşsa, daha gözəl oyun sərgiləyər. Hər birinin öz xasiyyəti var. Hazırlaşdı, meydançada istedadlı olduğunu göstərdi. Fərdi olaraq danışmağı sevmirəm, amma eyni sözləri Emil Səfərov haqda da danışmaq olar. Dayanmasa, çox gözəl gələcəyi var.