"Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik"
"Çox yaxşı gün oldu. Əlbəttə, çətin oyun alındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq".
"Mediasport" xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis Bakıda DÇ-2027-nin seçmə qrup mərhələsinin Şimali Makedoniya yığması ilə baş tutan ilk oyunu haqda düşüncələrini bölüşüb, 2:0 hesablı qələbəni şərh edib:
"Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikcə komanda özünə gəldi.
İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi.
Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq".
O, martın 7-də səfərdə Macarıstan yığmasına qarşı keçiriləcək oyunun çətin keçəcəyini vurğulayıb:
"Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb.
Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var.
Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik".
