Yığmamızın baş məşqçisi azarkeşlərə müraciət ünvanladı

Yığmamızın baş məşqçisi azarkeşlərə müraciət ünvanladı

“Sabah çox önəmli matça çıxacağıq. Son oyunlar öncəsi Monteneqro ilə qrup birinciliyi uğrunda mübarizə aparırıq. Mütləq qalib gəlməliyik. Bunu çox qol vuraraq əldə etsək, işimizə daha çox yarayar".

"Mediasport" xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib:

"Litva bizimlə oyundan sonra Monteneqro ilə qarşılaşacaq. Yəni Monteneqro son görüşdə onlara hansı nəticənin sərf edəcəyini bilərək meydana çıxacaq. Bu məqam Monteneqro yığmasına üstünlük gətirə bilər. Buna görə də, mümkün qədər çox qol vuraraq qələbə qazanmağa çalışacağıq.

Komandamız oyuna tam hazırdır. Qızlar matçın əhəmiyyətini dərk edirlər. Fürsətdən istifadə edərək, azarkeşləri tribunalara dəvət edirəm. Bakıda çıxış edəcəyik və bizim üçün çox vacib qarşılaşmadır.

Azarkeş amili böyük rol oynaya bilər. Onların dəstəyi çox vacibdir. Azarkeşləri sabah tribunalarda görmək qızlara əlavə motivasiya verər”.

Sabah Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva matçı saat 18:00-da başlanacaq.