AFFA-nın “Məktəblərdə Futbol Dərsi” üçün qeydiyyat başlandı

AFFA-nın “Məktəblərdə Futbol Dərsi” üçün qeydiyyat başlandı

AFFA-nın təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2026/2027-ci tədris ili ərzində ölkə üzrə “Məktəblərdə Futbol Dərsi” layihəsinə qeydiyyat başlanır.

"Mediasport" xəbər verir ki, əsas məqsəd məktəblilərin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi, futbolun kütləviliyinin genişləndirilməsi və uşaqların müntəzəm idman fəaliyyətinə cəlb edilməsidir.

Layihə çərçivəsində ümumtəhsil müəssisələrinin 5-ci, 6-cı və 7-ci sinif şagirdləri tədris ili boyunca fiziki tərbiyə dərsləri zamanı futbol üzrə praktik məşğələlərdə iştirak edəcəklər.

“Məktəblərdə Futbol Dərsi” layihəsi tamamilə könüllülük prinsipi əsasında həyata keçirilir.

Layihəyə qoşulan məktəblər və fiziki tərbiyə müəllimləri futbolun inkişafına və məktəblərdə sağlam idman mühitinin formalaşdırılmasına könüllü şəkildə töhfə verəcəklər.

Layihənin uğurlu icrasını təmin etmək məqsədilə AFFA tərəfindən iştirakçı məktəblər zəruri idman inventarları ilə təmin olunacaq.

Eyni zamanda layihəyə cəlb olunan fiziki tərbiyə müəllimlərinin futbol üzrə nəzəri bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə il ərzində müxtəlif təlimlər, seminarlar və metodiki dəstək proqramları təşkil ediləcək.

İştirakçı məktəblər və müəllimlər üçün müxtəlif həvəsləndirici proqramlar həyata keçiriləcək.

Tədris ili ərzində layihədə yüksək fəallıq nümayiş etdirən məktəblər və müəllimlər AFFA tərəfindən mükafatlandırılacaqlar.

Layihə AFFA-nın ölkə üzrə 8 futbol regionunu əhatə edir. Hər region üzrə iştirak üçün məhdud sayda yer ayrılıb.

Bu səbəbdən qeydiyyatdan keçən bütün ümumtəhsil müəssisələrinin müraciətlərinə baxılacaq və layihəyə cəlb olunacaq məktəblərlə əlaqə saxlanılacaq.

İştirak etmək istəyən ümumtəhsil müəssisələri aşağıda təqdim olunan qeydiyyat anketini doldurmalıdırlar.

Seçim mərhələsini uğurla başa vuran məktəblərlə əlaqə saxlanılacaq və layihənin növbəti mərhələləri, inventarların təqdim olunması, müəllimlərin təlimlərə cəlb edilməsi və proqramın icrası ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd: Layihədə iştirak üçün ayrılmış yerlərin sayı məhdud olduğundan, qeydiyyatın vaxtında tamamlanması tövsiyə olunur.