Azərbaycanın Avropa çempionu karyerasını 29 yaşda başa vurdu

Azərbaycanın Avropa çempionu karyerasını 29 yaşda başa vurdu

Qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Elis Manolova idmançı karyerasını başa vurub.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Avropa çempionu açıqlamasında karyerasını zədəyə görə bitridiyini deyib:

“Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyə imkan vermir.

İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm. Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm. Azərbaycan Güləş Federasiyasına minnətdaram.

Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm”.

Qeyd edək ki, karyerasını 29 yaşında başa vuran bolqarıstanlı legioner 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

İki il sonra Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxan Manolova böyüklər arasında qitə birinciliklərində 5 (1 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb.