"İstəməzdim ki, çempionatımızda süni örtüklü meydançada oynayaq"

"İstəməzdim ki, çempionatımızda süni örtüklü meydançada oynayaq"

"Fərqli qol epizodları yaratdıq, amma qol vura bilmədik. Şanslardan yararlanmaq lazımdır. Çünki "Şamaxı" kimi komandaya qarşı belə imkanlar yaratmaq çox çətindir"

Bu sözləri "Mediasport"a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov Premyer Liqanın 1-ci turunun "Şamaxı" ilə matçından sonra deyib (1:1).

"Ağ-qaralar"ın futbolçusu yay "transfer pəncərəsi"ndə komandaya yeni qoşulan futbolçular haqqında fikir bildirib:

"Komandaya yeni qoşulan futbolçularla meydanda hələ bir-birimizə tam alışmamışıq. Çalışırıq ki, bir-birimizi anlayaq. Bu, bəhanə kimi irəli sürülməməlidir. Hər bir halda, bu gün qələbə qazanmalıydıq. Çox sadə epizodlarda top itirirdik. Bu bizə problem yaratdı. İnşallah, növbəti oyunlarda bunu aradan qaldıracağıq".

Bölgə klubu ilə matçda paytaxt təmsilçisinin bərabərlik qolunun müəllifi olan yarımmüdafiəçi qol sevincinin dini inancı ilə əlaqəli olduğunu bildirdikdən sonra komandanın 2025-26 mövsümü üçün minimum məqsədini açıqlayıb:

"Ötən mövsümlə müqayis etsək, bu il heyətdə yaradıcı oyunçular çoxdur. Hələ İmad Fərəcin oyun üslubunu görməmişik. Bizə çox kömək edə bilər. Bu dediklərim həm də Freddi Varqasla bağlıdır. Cordan Rezabalanın da gəlişi bizim üçün çox önəmlidir. Bizə qələbə lazımdır. Bizim minimum məqsədimiz ilk "3-lük"də qərarlaşmaqdır".

O, Premyer Liqanın 2-ci turunun "İmişli" - "Neftçi" matçının süni örtüklü meydançada keçirilməsinə də münasibət bildirib:

"Heç istəməzdim ki, çempionatımızda süni örtüklü meydançada oynayaq. Şamaxıda yerləşən stadionda işıqlandırma sistemi olmadığı üçün gündüz saatlarında oynamalı olacağıq. Bu, bəhanə deyil. Meydana qələbə üçün çıxacağıq".