"Qarabağ" nə üçün "Sabah"ın azarkeşlərinə pulsuz bilet versin?
"Qarabağ"ın "Sabah"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu (2:2) çərçivəsində baş tutan qarşılaşmasında son 10 ilin ölkədaxili rekordu qeydə alınıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşü 21 min azarkeş izləyib ki, bu da təsadüfi deyil.
Ağdam klubu matç üçün xüsusi kampaniya həyata keçirib. Belə ki, Son ölkə çempionu xanım azarkeşlərinin arenaya girişini pulsuz etmişdi.
Həmçinin stadiona valideynləri ilə təşrif buyuran 15 yaşınadək uşaqlar da biletpulu ödənişindən azad edilmişdilər.
Buna rəğmən, sosial şəbəkələrdə bəzi azarkeşlər biletlərin "Sabah"ın da analoji fanatları üçün pulsuz edilməməsini qınayan postlar paylaşıblar.
Lakin dünya praktikasında belə hal nadir baş verir. Elə "Qarabağ"dan "Mediasport"a verilən açıqlamada da haqlı olaraq bu nüans vurğulanıb, bəzi məqqamlara aydınlıq gətirilib:
"Bilet satışı və ya pulsuz edilməsi məsələsini səhv anlayan azarkeşlər olub. Biz ev sahibi komanda olaraq, stadionun idarə edilməsi, təhlükəsizlik, sektor bölgüsü və bilet siyasətini müəyyən çərçivələr daxilində tənzimləyirik.
Qonaq komandanın azarkeşləri üçün ayrılan sektorlara biletlər isə əvvəlcədən müəyyən olunmuş kvota və prosedurlara uyğun şəkildə satışa çıxarılır. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada qəbul olunmuş qaydadır.
Avropa futboluna baxdıqda da eyni mənzərə ilə qarşılaşırıq. Heç bir klub rəqib komandanın azarkeşləri üçün ümumi şəkildə ödənişsiz bilet təqdim etmir. Qonaq sektoruna ayrılan biletlər adətən satış üzərindən reallaşır".
