"Qəbələ"dən Rauf Cabarovun rüsvayçı qərarı ilə bağlı ETİRAZ

"Qəbələ"dən Rauf Cabarovun rüsvayçı qərarı ilə bağlı ETİRAZ

"Qəbələ" İdman Klubu Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində dünən "Sabah"la baş tutan matçda baş hakim Rauf Cabbarovun 87-ci dəqiqədə vurduğu qolun sayılmaması ilə bağlı etiraz edib.

“Mediasport” xəbər verir ki, şimal təmsilçisi sosial şəbəkə hesablarında bununla bağlı müraciət paylaşıb.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Qəbələ” – “Sabah” oyununun 87-ci dəqiqəsində top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın (!) baxdıqdan sonra baş hakimi monitora dəvət etdi.

Hesab edirik ki, “Qəbələ”nin qaydalar çərçivəsində vurulmuş qolu hesaba alınmadı və komandamız ən azı 1 xaldan məhrum oldu. Bu, cari mövsümdə ikinci belə hal idi.

Buna qədər Misli Premyer Liqasının 8-ci turunun “İmişli” – “Qəbələ” (2:2) oyununda baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə hesab 2:0 komandamızın xeyrinə olarkən, Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərmədi. Daha sonra Ronaldo de Souza rəqib komandanın qollarından birinin müəllifi oldu. AFFA Hakimlər Komitəsi baş hakimin səhvə yol verdiyini etiraf etdi. Bu isə artıq “Qəbələ”nin cari mövsümdə 3 xalının əlindən alınması deməkdir.

Rauf Cabarova gəlincə, 17-ci turda “Sabah”- “Karvan Yevlax” oyununda onun gözləri qarşısında top hücumda olan oyunçunun əlinə dəysə də, davam işarəsi verdi. Hücumun davamında isə digər futbolçunun vurduğu qol hesaba alınır. Oxşar epizod, fərq ondadır ki, bu dəfə Rauf Cabarov “Qəbələ”nin qolunu qeydə almır.

Ümid edirik ki, AFFA Hakimlər Komitəsi məsələyə obyektiv qiymət verəcək”.