"Qızıl top" mükafatının yeni qalibi və digər ən yaxşılar müəyyənləşdi

UEFA və “France Football” jurnalının birgə layihəsi olan “Qızıl top” mükafatı 69-cu dəfə sahibinə qovuşub.
"Mediasport" xəbər verir ki, Parisdəki Şatle teatr salonunda keçirilən mərasimdə dünyanın ən yaxşı futbolçusu Fransa milli komandası və PSJ-nin vingeri Usman Dembele olub.
O, 2024/25 mövsümündə PSJ ilə Fransa çempionatını, ölkə kubokunu, ölkə Superkubokunu və UEFA Çempionlar Liqasını qazanıb.
Dembele klubun heyətində 53 oyun keçirib, 35 qol vurub, 14 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Qızıl top" 2022-ci ildən etibarən təqvim ili üzrə deyil, mövsümün yekunlarına əsasən təqdim olunur (1 avqust 2024-dən 31 iyul 2025-dək).
Tədbirdə ilin ən yaxşı baş məşqçisi Luis Enrike (PSJ), ən yaxşı qapıçı ("Lev Yaşin" mükafatı) Canluici Donnarumma (PSJ), ən yaxşı kişi komandası PSJ, ən yaxşı qadın komandası "Arsenal", ən yaxşı gənc futbolçu Lamin Yamal ("Barselona"), ən yaxşı hücumçu ("Herd Müller" mükafatı) Viktor Yokeres ("Sportinq"/"Arsenal"), ən yaxşı qadın futbolçu Aytana Bonmati ("Barselona"), ən yaxşı gənc qadın futbolçu Viki Lopes ("Barselona") və ən yaxşı qadın qapıçı Anna Hempton ("Çelsi") seçilib.