Rəşad Sadıqov azarkeşlə "söz davası"na çıxdı - Zirədə QALMAQAL
Premyer Liqanın 18-ci turunun "Zirə" - "Sabah" oyununda qalmaqal yaşanıb.
"Mediasport" xəbər verir ki, Zirə Olimpiya Stadionundakı insidentin mərkəzində meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov olub.
İlk hissədə 27 dəqiqəyə 3 top buraxan "qartallar"ın PRO kateqoriyalı çalışdırıcısı azarkeşlərin etirazına sərt reaksiya verib.
Sadıqov ikinci hissədə komandanın keyfiyyətsiz oyunundan gileylənən yerli fanata əsəbləşib.
O, texniki zonadan tribunaya çevrilərək heyətlər arasında səviyyə fərqinin olduğuna işarə vurub.
Baş məşqçinin "İmkan verin, uşaqlar futbol oynasınlar" sözü azarkeşləri hiddətləndirib və bir neçə izləyici arenanı tərk edib.
Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qeyri-sabit nəticələr göstərən "Zirə" bütün oyunları daxil 8 matçdır qələbə qazana bilmir.
Komanda Premyer Liqada 29 xalla 5-ci sırada qərarlaşmaqla, liderdən 14 xal geri düşüb.
