"Sanki "Araz-Naxçıvan"ın futbolçularını döymüşük"

"Bu haqda çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma cəzaları niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır".
"Mediasport" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.
Mütəxəssis AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan"la oyununda yaşanan dava-dalaşa görə çıxardığı qərarlarla bağlı fikirlərini bölüşüb:
"Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Baxın görək, orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Niyə cəza verilməlidir? Mövzunu elə qabartılar ki..."Qarabağ"ın oyunçularına niyə qırmızı vermirlər" deyirlər. Verirlər axı".
Təcrübəli çalışdırıcı komandasının bir həftədir müzakirə olunmasına etiraz edib:
"Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Sanki "Araz-Naxçıvan"ın futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz. O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər.
Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdü deyə epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. "Atletiko"ya baxın. Onda gərək hər oyun Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər".
Qeyd edək ki, Ağdam klubunun 3:1 hesabı ilə qalib gəldiyi matçın 83-cü dəqiqəsində futbolçular arasında davaya səbəb kimi Felipe Santos meydandan qovulmşdu.
İntizam Komitəsi oyundan 5 gün sonra Ağdam təmsilçisindən Elvin Cəfərquliyevlə Musa Qurbanlını biri şərti olmaqla 2 oyunluq cəzalandırıb, kluba isə 4000 manat cərimə kəsib.