"Sanki irəli getməyimizi istəmirlər, bizi yuxarıdan aşağı basırlar"

 "Sanki irəli getməyimizi istəmirlər, bizi yuxarıdan aşağı basırlar"

"Oyunu şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Futbola yaraşmır belə hal".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Ukraynalı mütəxəssis Premyer Liqanın 22-ci turunun "Şamaxı" ilə səfər oyunu haqda qısa danışıb, əsəblərinə hakim ola bilməyən çalışdırıcı konfransı yarımçıq tərk edib:

Oyunun sonlarında qatı duman oldu. Görüntü çox zəif idi. Sizcə, qarşılaşmanın davam etməsi düzgün idi?

- Bilmirəm. Belə görünür ki, VAR-da oturanlar bizdən yaxşı görürdülər.

Abubakar fasilədən sonra oyuna qoşulub ardıcıl qollar vurdu. Onun daha əvvəldən meydanda olması düzgün olmazdı?

- Əvvəldən düşünmüşdük. Sambu və Abubakar yaxşı formadadır. Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər. Yuxarıdan aşağı basırlar. Amma dayanmayacağıq, iradəmizlə irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzürlü sayın, daha danışmaq istəmirəm.