"Şəmkir" qayıdır - Yenilənmiş klubun təqdimat mərasimi keçirildi

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilib.
Şəmkir rayon İcra Hakimiyyətindən Mediasport.com.az saytına veriən məlumata görə, “Şəmkir” futbol klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, yerli ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirin giriş hissəsində qonaqlara klubun tarixi haqqında videoçarx təqdim olunub və komandanın rəsmiləri “Şəmkir” futbol klubunun hazırki durumu, həyata keçirmək istədikləri layihələr haqqında məlumat veriblər.
Bildirilib ki, komandanın əsas məqsədi hazırda çıxış etdiyi liqada yüksək yerlər uğrunda mübarizə aparmaq və yuxarı liqalara çıxmaqdır.
Eyni zamanda qarşıya qoyulan məqsədlərdən biri də rayonda futbolu, xüsusilə də uşaq futbolunu daha da inkişaf etdirmək, əhalidə oyunlara maraq yaratmaq və oyunlarda iştiraklarını təşviq etməkdir.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev klubun yenidən formalaşdırılmasına töhvə vermiş hər kəsə təşəkkürünü bildirib, klub rəhbərliyinin "Şəmkir”in şanlı tarixini bərpa edəcəyinə inandığını vurğulayıb, bu istiqamətdə onlara dəstək göstəriləcəyini bildirib.
Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev Fondun regionlardakı fəaliyyəti, “Şəmkir” futbol klubu ilə birgə layihələr və kluba dəstək imkanları barədə təqdimatla çıxış edib.
Daha sonra veteran futbolçular, “Şəmkir” futbol klubunun baş məşqçisi Vüqar Nadirov, klubun idarə heyətinin üzvləri çıxış edərək rayon ictimaiyyətini kluba dəstək olmağa çağırıblar.
Şəmkirdə yaşayan sahibkar, ziyalılar da çıxışlarında klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonda “Şəmkir” futbol klubunun hər zaman elit liqalar üçün mübarizə apara biləcək səviyyəyə gətirilməsi istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparılıb.