Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir"
"Komandamız optimal hazırlıq səviyyəsindədir. Kiçik zədələr ciddi problem yaratmır. Dünya çempionatına qədər ümumilikdə 10 təlim-məşq toplanışı keçmiş olacağıq".
"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının böyük məşqçisi Rafiq Hüseynov deyib.
Mütəxəssis komandamızın 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək U-17 dünya çempionatına hazır olduğunu qeyd edib:
“Ölkə çempionatından sonra bir çox yerlərdə təlim-məşq toplanışı keçdik. Hazırlıqlara Şamaxıda başladıq. Ardınca Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışı keçdik.
Həmin toplanışda Türkiyədə keçirilən “Zəfər Kuboku” üçün seçimlərimizi etdik. Həmin yarışda nəticə verən idmançılarımız Avropa çempionatı üçün nəzərdə tutulmuş heyətə daxil edildilər.
Qitə birinciliyindən sonra artıq 3-cü təlim-məşq toplanışımızı keçirik. Son hazırlıq prosesi komandanın tam formaya düşməsinə xidmət edəcək.
Bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək səviyyədə təşkil edilib və bizə maksimum dəstək verilib”.


