Türkiyəli idman yazarı Qara Qarayev haqda kitab yazacaq

Türkiyəli idman yazarı Qara Qarayev haqda kitab yazacaq

Karyerasını "Araz-Naxçıvan"da davam etdirən Qara Qarayev həyatı haqqında bioqrafik kitab yazılır.

"Mediasport" xəbər verir ki, bu münasibətlə uzun illər Azərbaycan milli komandası və "Qarabağ"ın şərəfini qorumuş yarımmüdafiəçi və "TEAS Press" Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov arasında görüş keçirilib.

Tərəflər rəsmi əməkdaşlıq müqaviləsi imzalayıblar. Kitabın müəllifliyi Türkiyənin tanınmış idman yazarı və jurnalisti Murat Aksoya həvalə edilib.

Kitabda Qara Qarayevin peşəkar futbol karyerası ilə yanaşı, onun şəxsi düşüncələri, həyat fəlsəfəsi və milli futbolumuzdakı rolu da geniş şəkildə əks olunacaq. 

Görüş zamanı layihənin həm ölkə futboluna, həm də kitabın ictimai təbliğinə verəcəyi töhfələr xüsusi vurğulanıb. Qarayev bu haqda düşüncələrini bölüşüb:

“Bu bir yoldur... Mən hər oyunda, hər məşqdə, hər qərarda ailəmin, xalqımın və komandamın etimadını daşıyıram. Ruhumun, düşüncələrimin və futboldakı yolumun izini "TEAS Press" Nəşriyyat Evi qələmə alaraq gələcək nəsillərə çatdırmaq istədi.

Bu təklif mənim üçün gözlənilməz idi, amma bir o qədər də sevindirici və dəyərli oldu. İnanıram ki, bu kitab gənc futbolçular üçün bir işıq və  yol xəritəsi olacaq. Çünki bu hekayə təkcə mənim yox, inanmaqdan və əzmli olmaqdan vaz keçməyən hər bir gəncin hekayəsidir.

Çətinliklərə baxmayaraq, doğru dəyərlərlə, vicdanla və əzmlə istənilən yolu  qət etmək mümkündür”.

Qeyd edək ki, əsər Türkiyədə çap etdirilcək.