"Üzərimizə düşən öhdəlikləri maksimum yerinə yetirəcəyik"
"Azərbaycanda 8 ildən sonra yenidən böyüklər arasında dünya çempionatının keçirilməsi xüsusi andır. Bakı "Dünya İdman Paytaxtı"dır".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Qurum rəsmisi 4-11 oktyabrda Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatına həsr olunmuş mətbuat konfransında iştirak edib.
O, mötəbər turnirin videoçarxının təqdimatından sonra yarışa hazırlıqla bağlı ətraflı məlumat verib.
"Dünya çempionatının da burda təşkil olunması böyük əhəmiyyət daşıyır. Qərar verilən ilk gündən gənclər və idman nazirliyi ilə də sıx əməkdaşlıq edirik.
Tədbirin təşkilində Beynəlxalq Cüdo Federasiyası ilə də əməkdaşlığımız davam edir. Üzərimizə düşən öhdəlikləri maksimum yerinə yetirəcəyik. Bu dünya çempionatının indiyədək keçirilənlər arasında ən yaxşı olmasına çalışacağıq.
İyuldan bilet satışına başlanılıb. Artıq 700-ə yaxın bilet satılıb. 20-dən çox ölkədən maraq var. Bu tədbirimizin ölkə iqtisadiyyatına, turizminə az da olsa, fayda verəcəyini düşünürük.
100-ə yaxın ölkənin dünya çempionatında iştirakı gözlənilir. Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən, dünya çempionatında reytinqdə ilk "100-lük"də yer alan idmançılar çıxış edə bilərlər. İdmançı sayı isə 600-dən bir qədər çox olacaq.
Hazırlıqlarımız sistemli şəkildə davam edir. Çoxsaylı toplanışlar keçdik, yarışlarda iştirak etdik. Kişilərdən ibarət komandamız son dönəmlərdə cüdo üzrə dünya turunda Yaponiyadan sonra ikinci sıradadır. Dünya çempionatı fərqli turnirdir. Burda hər cüdoçu əzmkarlığını göstərir".


