"Yarışda əsas məqsədim titulumu qorumaq idi" - Avropa çempionu

“Bu yarışda əsas məqsədim titulumu qorumaq idi. Şükür, bacardım, amma təbii ki, bununla kifayətlənməyəcəm. Komandamız da yarışa yaxşı hazırlaşmışdı. Qazandığımız medallar da bunu göstərdi”.
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın yeniyetmələrdən ibarət boks millisinin üzvü Bilalhəbaşi Nəzərov deyib.
Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanmaqla ikinci dəfə qitə birincisi olan gənc idmançımız təəssüratlarını bölüşüb:
“4 döyüş keçirdim və hər birini qələbə ilə başa vurdum. Finalda İtaliya idmançısını məğlub edib ikinci dəfə Avropa çempionu oldum. Ötən il Xorvatiyada gənclər arasında Avropa çempionatı keçirilmişdi və həmin yarışda da çempion tituluna yiyələnmişdim.
Növbəti il böyüklər arasında çıxış edəcəyəm. Əsas hədəfim isə olimpiya medalı qazanmaqdır. Daha çox məşq edib və əziyyət çəkib nəticələrimi böyüklər arasında da təkrarlamaq istəyirəm”.
Qeyd edək ki, 18 yaşlı Nəzərov Azərbaycan boksu tarixinə ikiqat Avropa çempionu titulunu qazanan ilk idmançı kimi düşüb.