Sübhan Mamedov - Azərbaycan tarixinin ən gənc dünya çempionu
Azərbaycan boksçusu Sübhan Mamedov dünya çempionu olub.
"Mediasport" xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın finalını qızıl medalla rəsmiləşdirib.
Noyabrda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda özünən 10 yaş böyük erməni əsilli rusiyalı Edmond Xudoyanı məğlub edib - 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1).
O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Bununla da yarışa 11 boksçu ilə yollanan millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub.
Daha öncə Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.
Qeyd edək ki, DÇ-də çempionun pul mükafatı 300 min ABŞ dolları (510 min manat) olub.
Son dəfə azərbaycanlı idmançı mundialda qızıl medalı 10 il əvvəl qazanmışdı. 2015-ci ildə Elvin Məmişzadə 24 yaşında Qətərdə çempion olmuşdu.

