2026-cı ildə keçirilən ilk tur yubileylərlə əlamətdar oldu

 2026-cı ildə keçirilən ilk tur yubileylərlə əlamətdar oldu

Azərbaycan 2-ci liqasının 2026-cı ildə keçirilən ilk turu yubileylərlə əlamətdar olub. 

"Mediasport" xəbər verir ki, 15-ci turda fərqlənən Vidadi Cəfərov bu turnirdə 50-ci, Valeh Seyidov isə 30-cu qolunu vurub.

Vidadi “Quba”nın “Göygöl”lə səfər oyununda (2:0) komandasının ikinci qoluna imza atıb.

O, “50”yə iki mövsümə çatıb. Ötən çempionat “Şəmkir”dəki 31 qolla 2-ci Liqanın bombardiri olan hücumçu bu mövsüm “Quba”dakı 19 topla hamıdan öndə qərarlaşıb.

Cəfərov PFL-in bayrağı altında 3-cü dəfə keçirilən 2-ci Liqada 50 və daha çox qol vuran 4-cü futbolçudur.

Cavid İmamverdiyev 65, Tural Qurbatov 57, Elvin Nəsibov 51 topla onu qabaqlayır.

Valeh “Kür-Araz”la səfər matçında (4:2) het-trik edib. O, 2023/24 mövsümündə 16, ötən çempionatda 6, cari turnirdə 8 dəfə fərqlənib.

Hücumçu “Dinamo”da 29, “Şimal”da 1 dəfə rəqib qapılarına yol tapıb.

Seyidov PFL bayrağı altında keçirilən 2-ci Liqada 30 və daha çox qola sevinən 8-ci oyunçudur.