2025-ci ildə beynəlxalq yarışlarda qazanılan medal sayı açıqlandı

2025-ci ildə beynəlxalq yarışlarda qazanılan medal sayı açıqlandı

"Keçən il bizim idmançılar beynəlxalq yarışlarda 2113 medal qazanıblar. Onlardan 613-ü qızıl, 616-sı gümüş və 884-ü bürünc olub".

"Mediasport" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov deyib.

O, Milli Məclisdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə çıxış edib.

Şöbə müdiri bildirib ki, medallardan 1443-ü Olimpiya idman növləri üzrə olub:

“Keçən il yadda qalan digər ən mühüm məqamlardan biri Azərbaycanda keçirilən 3-cü MDB Oyunları idi. Ondan öncəki MDB Oyunlarında biz hər zaman medal əyarına görə dördüncü yerdə olurduq.

Amma bu dəfə biz ikinci yeri tutduq. Bu, bir daha göstərir ki, federasiyalar bu istiqamətdə düzgün fəaliyyətdədirlər.

Doğru işlər aparırlar ki, artıq bu sahədə bizim rəqabətqabiliyyətli idmançılarımız yetişir”.