Avropa çempionatında 2 qızıl, 2 gümüş medal və yeni rekord

Azərbaycanın veteran ağırlıqqaldıranları Albaniyanın Dürres şəhərində keçirilən ustalar arasında Avropa çempionatında uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, yarışa beş idmançı ilə yollanan Azərbaycanın veteran idmançılarından dördü fəxri kürsüyə yüksəlib.
Komandamızın heyətində Zülfüqar Süleymanovla (M40, 67 kq) Vaqif Müsadiq (M70, 81 kq) qızıl medala yiyələniblər. Böyüklər arasında Avropa çempionatının gümüş medalçısı olan Süleymanov ustalar arasında yeni rekord da müəyyənləşdirib.
O, təkanla qaldırmada 137 kq çəkini ram etməklə əvvəlki rekordu 1 kq üstələyib.
Digər ağırlıqqaldıranlarımız Natiq Həsənov (M45, 96 kq) və Eldar Məmmədov (M45, 109 kq) isə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
Mayın 10-da başa çatacaq çempionatda ölkəmizi Elxan Süleymanov referi kimi təmsil edir.