AAF-ın 2024-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında (AAF) 2024-cü ilin yekunlarına dair ümumi yığıncaq keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda federasiya rəhbərliyi ilə yanaşı, yığma komandaların məşqçiləri, müxtəlif klub və cəmiyyətlərdə, eləcə də regionlarda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Maliyyə hesabatı ilə çıxış edən baş katib Rizvan Rəsulov il ərzində keçirilən yarışlar, təlim-məşq toplanışları və digər tədbirlərin təşkili üçün xərclənən vəsaitlə bağlı məlumat verib.
Daha sonra vitse-prezident Firdovsi Umudov il ərzində əldə edilmiş nəticələrdən danışıb.
O, atletlərin dünya və Avropa miqyaslı yarışlarda uğurla iştirak etdiyinə, nəticələrdə inkişaf dinamikasına diqqət çəkib.
Hesabat ilində milli komandaların ümumilikdə 38 medal əldə etdiyi diqqətə çatdırılıb.
Onlardan 13-ü qızıl, 14-ü gümüş və 11-i bürünc mükafat olub.
Firdovsi Umudov 2024-cü ildə Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinin iclasında Azərbaycan idmanı üçün tarixi qərarın qəbul edildiyini xatırladıb.
O bildirib ki, ölkəmiz Avropa Ağırlıqqaldırma Mərkəzi statusuna sahib olub və mərkəzin ilk tədbiri – Beynəlxalq Məşqçi Vebinarı bu il uğurla təşkil edilib.
Federasiya prezidenti Kamran Nəbizadə ili uğurlu hesab edərək, qarşıya qoyulan hədəflərə çatmaq üçün daha çox səy göstərilməli olduqlarını vurğulayıb.
O, ağırlıqqaldırmanın və ümumilikdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradıldığını qeyd edib.
İclasın sonunda ümumi yığıncağın gündəliyində olan AAF-ın yeni Nizamnaməsi təsdiq edilib.
