"Zirə" futbolçuları oyundan sonra çimməyə isti su tapa bilmədilər

Azərbaycan futbolunda növbəti gülünc hadisə qeydə alınıb.
Bu dəfə xoşagəlməz olay AFFA Region Liqası, 2-ci Liqa və ya 1-ci Liqada yox, Premyer Liqada baş verib.
Axşam saatlarında baş tutan "Sabah" - "Zirə" görüşündə qonaqlar çimməyə su tapmayıblar.
27-ci tur görüşündən sonra paltardəyişmə otağına yollanan "qartallar"ın üzvləri "Bank Respublika Arena"dakı hamamın kranlarından isti su gəlmədiyini görüncə təəccüb içində dəhlizə çıxıblar.
Komanda üzvləri bir neçə dəqiqə gözlədikdən sonra əyinlərini geyinərək avtobusa əyləşiblər.
Bəzi futbolçular soyuq su ilə yüngül yaxalanmağa məcbur olublar.
Qeyd edək ki, ötən il "Sumqayıt"ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına stadionda da uzun müddət analoji hal yaşanmışdı. Onun səbəbi çoxdan yığılıb qalan elektrik enerjisi borcu idi.
Mediasport.com.az