"Məqsədimiz mövsümü "qızıl dubl"la başa vurmaqdır" - Kadi

"Yaxşı oyun alındı, turnir cədvəlində ilk iki pillədə qərarlaşan klublar qarşılaşırdı. Matçın çətin keçəcəyini əvvəldən bilirdik. Çətin də olsa, qələbə qazandıq".
Bu sözləri "Mediasport"a açıqlamasında “Qarabağ”ın futbolçusu Kadi Borges deyib.
Premyer Liqanın 29-cu turunun "Zirə" ilə görüşündə qələbə topunun (1:0) müəllifi olan "sambaçı" qarşılaşmanın asan keçmədiniyi qeyd edib:
"Hər iki komanda qələbə qazanmaq istəyirdi. Vurduğum qola gəlincə, cərimə zərbələrinin üzərində daim işləyirəm. Həftə boyu məşqlərdə bunun üzərində çalışmışdım. Gözəl qolla komandama qələbə qazandırdırdığım üçün şadam. Qarşıdakı matçlara hazırlaşacağıq. Məqsədimiz mövsümü "qızıl dubl"la başa vurmaqdır".
Braziliyalı yarımmüdafiəçi növbəti turda üz-üzə gələcəkləri autsayder “Səbail”lə oyun haqda da danışıb:
"Bizim üçün autsayder anlayışı yoxdur. Rəqiblərimizə belə yanaşa bilmərik. “Səbail” turnir cədvəlində aşağı pillədə ola bilər. Amma daha əvvəl də aşağı pillədə qərarlaşan komandaların çox sürpriz etdiyini görmüşük. Matça ciddi hazırlaşacağıq. Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır".
29 yaşlı vinger Azərbaycan Kubokunun "Araz-Naxçıvan"la cavab dueli barədə bunları vurğulayıb. İlk oyundakı yenilginin əvəzini çıxmağa çalışacaqlarını bildirib:
"İlk görüşdə məğlub olsaq da, inanıram ki, bunun əvəzini çıxacağıq. Hələ heç nə bitməyib. Sona qədər mübarizə aparacağıq".