Orxan Məmmədov: "Mundial ölkəmizdə səbirsizliklə gözlənilir"

Orxan Məmmədov: "Mundial ölkəmizdə səbirsizliklə gözlənilir"

“Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram olacaq”.

"Mediasport" xəbər verir ki, bunu Dünya Minifutbol Federasiyasının mətbuat xidmətinə müsahibəsində Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.

Federasiya rəhbəri ölkəmizdə minifutbolun hazırkı durumu, inkişafı haqqında danışıb. O, həmçinin may ayında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına hazırlıqdan bəhs edərək, bu mötəbər yarışın yüksək səviyyədə təşkil olunacağını bildirib:

"İlk olaraq qeyd edim ki, Azərbaycan Minifutbol Federasiyası bu idman növünün ölkəmizdə inkişaf etməsi və populyarlaşması üçün ciddi işlər görür. Federasiyamız dünya və Avropa minifutbol federasiyalarının aktiv üzvü kimi bir çox tədbirlər və konfranslarda fəal iştirak edir və təcrübə mübadiləsi aparır.

Yarandığı gündən etibarən federasiya milli komandamızın 3 Avropa çempionatı və bir dəfə dünya çempionatında iştirakını təmin edib. Bundan başqa, komandamız Avropa çempionu olduqdan sonra 2022-ci il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev millimizin üzvlərini qəbul edib. Məhz ölkə rəhbərinin belə diqqətinin nəticəsidir ki, hazırda insanlar minifutbola ciddi maraq göstərirlər. Gündən-günə daha çox insan və hətta peşəkar futbolçu olmayanlar da minifutbola üz tutur.

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara – bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edib. Belə böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi nüfuzun ifadəsidir. Bu mundial ölkəmizdə böyük səbirsizliklə gözlənilir. Çünki bu bizim azarkeşlərimiz üçün əsl bayram deməkdir".

O.Məmmədov Bakıdakı mundialın özünəməxsus iz buraxacağını qeyd edib:

"Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışın-  minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır.

Əlbəttə, çətinliklərin olması təbii haldır. Olduqca məsuliyyətli vəzifəni öhdəmizə götürmüşüksə, heç bir çətinlikdən çəkinməməliyik. Artıq hazırlıqların son mərhələsindəyik. Bu günə kimi hər şey plan üzrə davam edir. Azarkeşlər nəinki Milli Gimnastika Arenasında keçiriləcək möhtəşəm açılış mərasiminin və gözəl oyunların şahidi olacaqlar, həm də paralel olaraq Bakı bulvarında maraqlı və əyləncəli tədbirlərdə iştirak edə biləcəklər.

Əminəm ki, həmin günlərdə hava şəraiti də yaxşı olacaq və azarkeşlərin Bakının gözəl yerləri ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, Bakıdakı mundial dünya minifutbol tarixində özünəməxsus iz buraxacaq".

O, Azərbaycanda qısa müddətdə minifutbolda belə kütləviliyə nail olduqlarını üçün sevindiklərini diqqətə çatdırıb:

"Bizim ölkədə böyük futbol qədər minifutbol da çox sevilir. Bu idman növünə maraq komandamızın Avropa çempionluğundan sonra daha da artıb. İndi bizim federasiyaya məxsus meydançalarımızda uşaqdan-böyüyə hər kəs minifutbol oynayır. Qısa müddətdə inanılmaz kütləviliyə nail olmaq bizi sevindirir. Azarkeşlərimiz isə bizi hər zaman dəstəkləyirlər.

Misal üçün 2023-cü ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. Həmin yarışda müxtəlif ölkələrdən 10 komanda iştirak etdi.

Bakı tennis akademiyasında keçirilən oyunlarda azarkeşlər millimizə möhtəşəm dəstək göstərdi. Bu dəstək millimizin uğurlarına ciddi təsir göstərdi. Dünya çempionatında da onların güclü dəstəyini hiss edəcəyimizə əminəm".

AMF rəhbəri sonda bütün minifutbol azarkeşlərini Bakıya dəvət edib:

"Digər ölkələrdən olan azarkeşləri Bakıda görməkdən məmnun olacağıq. Bizim ölkəmiz olduqca qonaqpərvər yerdir. Ən əsası isə gözəl və tam təhlükəsiz ölkədir. Bütün azarkeşləri paytaxtımıza dəvət edirik. Onlar nəinki gözəl oyunların şahidi olacaq, həmçinin Azərbaycanın fərqli mədəniyyəti və insanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

İnanıram ki, Bakıdakı dünya çempionatı onların yaddaşında ən unudulmaz mundiallardan biri kimi qalacaq. Komandaların hər birinə isə uğurlar arzulayıram".