"Buna görə bizi cəzalandıra bilərlər" - Millimizin baş məşqçisi

"Buna görə bizi cəzalandıra bilərlər" - Millimizin baş məşqçisi

"Qapıçımız Aytac Şərifova zədəlidir, əməliyyat olunub. Peritan Bozdağ isə Portuqaliya yığması ilə pley-off matçında qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalıdır. Ümumən heyətimizin geniş olmaması narahatedici məqamdır".

Bu sözləri Mediasport.com.az saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis dünəndən başlanan təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb. O, Monteneqro millisi ilə UEFA Millətlər Liqası matçına hazırlıq, rəqib haqda danışıb:

"Təəssüflər olsun ki, heyətdə bəzi itkilərimiz var. Amma ümid edirəm ki, hazırda çağırılanlar düşərgədə yer almayanların yoxluğunu hiss etdirməyəcəklər. Üçlü qrupa düşmüşük, əslində belə istəmirdim. Belədə ilk etapda bir oyun, ikinci mərhələdə iki matç, sonda da bir görüş keçirəcəyik. Ümumən götürsək, oyun sayı baxımından az oynayacağıq. Lakin bu, bizdən asılı olan məsələ deyil, oynamalıyıq.

Bildiyiniz kimi, ilk rəqibimiz Monteneqro yığmasıdır. Neçə vaxtdır həm UEFA Millətlər Liqasında, həm də Avropa çempionatının seçmə mərhələsində bizimlə eyni qrupa düşürlər.

Son olaraq ötən mövsüm Millətlər Liqasının hər iki qarşılaşmasında onlara qalib gəlmişik. Ancaq yetərincə güclü rəqibdir. Asan məğlub edəcəyimizi düşünsək, bizim problemlərimiz ola bilər. Heyətlərində individual keyfiyyətləri yüksək olan futbolçuları çoxdur. Buna görə bizi cəzalandıra bilərlər, maksimum ciddi, diqqətli və ehtiyatlı olmalıyıq.

Son oyunlarını analiz etmişik, zəif və mənfi tərəflərini bilirik. Tanış rəqib olduğu üçün inanıram ki, Bakıda ilk oyunda istədiyimiz nəticəni əldə edəcəyik".

Xatırladaq ki, UEFA Millətlər Liqasının Azərbaycan - Monteneqro qarşılaşması fevralın 21-də keçiriləcək.

Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq matç saat 15:00-da başlanacaq.