ÇL-də əsas mərhələyə yüksələn "Qarabağ"dan rekord QAZANC

ÇL-də əsas mərhələyə yüksələn "Qarabağ"dan rekord QAZANC

"Qarabağ" 2025-26 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, "köhlən atlar"ın pley-offda "Ferensvaroş"u mübarizədən kənarlaşdırmasından və əsas mərhələyə adını yazdırmasından sonra Premyer Liqa klubları da faydalanacaqlar.

Buna səbəb qitənin ali futbol qurumunun ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədi ilə maddi yardım ayırmasıdır.

Azərbaycan Premyer Liqasında yarışan 12 klubdan 11-nin ("Qarabağ" istisna olmaqla) hər birinə ümumən 800 min avro ödəniş ediləcəyi gözlənilir.

Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat).

Ağdam təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.

"Qarabağ" təkcə liqa mərhələsinə vəsiqə qazandığı üçün 18 milyon 620 min avro qazanc əldə edib.

UEFA tərəfindən təsnifat mərhələsində iştiraka görə əlavə bonusların ödəniləcəyi də gözlənilir. 

Liqa mərhələsində bir qələbəyə görə 2 milyon 100 min, heç-heçə üçün isə 700 min avro mükafat nəzərdə tutulub.