Avropa zonası üzrə pley-off mərhələsində püşk atılır - YENİLƏNİR
Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.
"Mediasport" xəbər verir ki, tədbir Bakı vaxtilə saat 16:00-da başlanacaq.
FİFA-nın İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatmada Türkiyə milli komandası birinci səbətdə yer alacaq.
4 lisenziya uğrunda 16 yığma arasında gərgin mübarizələr reallaşacaq.
Seçmə mərhələdə qrup ikinciləri olmuş 12 kollektiv və UEFA Millətlər Liqasının dörd qrup qalibi dörd qrupa bölünərək iki tək oyunlu raund oynayacaq: yarımfinal və final.
Hər qrupun qalibi DÇ-2026-da iştirak imkanı əldə edəcək. Pley-off mərhələsinin bir matçdan ibarət olacaq yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə martın 31-də oynanılacaq.
DÇ-2026. Pley-off mərhələsi
Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
Dördüncü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Qeyd edək ki, birinci səbətdəki komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaqlar.
