"Futbolun yazılmamış bir qanunu var ki, udan heyəti dəyişməzlər"

Peşəkar Futbol Liqasının (PFL) 2008-2022-ci illərdə prezidenti olmuş Ramin Musayev UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab oyunu haqqında fikirlərini bölüşüb.
"Mediasport" xəbər verir ki, o, "köhlən atlar"ın Bakıda baş tutacaq həlledici qarşılaşmada çətinlik çəkməyəcəyini bildirib:
"Qarabağ" cütün taleyini artıq həll edib. "Ferensvaroş"un burada sürpriz edəcəyinə inanmıram. "Qarabağ"ın səfərdəki 3:1 hesablı qələbəsi əsas mərhələyə vəsiqə üçün bəs edəcək".
Ramin Musayev Ağdam təmsilçisinin Macarıstan klubu ilə keçiriləcək cavab oyununda meydana çıxa biləcək mümkün heyətini də dəyərləndirib:
"Futbolun yazılmamış bir qanunu var ki, udan heyəti dəyişməzlər. Sadəcə, Musa Qurbanlıya şans verilə bilər. Macarıstandakı oyunda onun qol vurması Qurban müəllimdə inam yaratdığını düşünürəm. Məncə, birinci hissə olmasa da, ikincidə oynamalıdır".
Sabiq PFL rəsmisi "Qarabağ"ın legioner forvard transfer etməli olduğunu da vurğulayıb:
"Gələcəkdə də nailliyətlər əldə etmək istəyirlərsə, legioner hücumçu transfer edilməlidir. Yerli bazarda nə varsa, ortadadır. Müdafiə xəttində Kevin Medinanın varlığı məni arxayın edir. O, demək olar ki, 50% qapıçıdır. Qapıda isə Mateuş Koxalski qalmalıdır. Şahruddin Məhəmmədəliyev qəşəng azarkeşlik edir, ona toxunmasaq daha yaxşı olar (gülür)".
Pley-off raundunun "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab oyunu bu gün saat 20:45-də start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Teleqraf.az