"Bu uşaqların gələcəkdə böyük uğurlar qazanacağına inanırıq"
"Şamaxıda güləşin zəngin ənənələri var. Bu bölgə hər zaman istedadlı idmançıları ilə seçilib. Burada beynəlxalq səviyyəli güləşçilər yetişib".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev deyib.
Qurum rəsmisi idman jurnalistləri üçün Şamaxıda təşkil edilən mediatur zamanı yerli güləşin ənənəsindən, tarixində söz açıb.
A.Şirəliyev bildirib ki, indi də Şamaxıda güləşçilərin peşəkar şəkildə məşq etməsi və gələcəkdə çempion kimi formalaşması üçün bütün zəruri şərait mövcuddur:
“Şamaxı güləş məktəbi 2022-ci ildən fəaliyyət göstərir. Burada hər bir idmançı müasir şərait yaradılıb.
Bu uşaqların gələcəkdə böyük uğurlar qazanacağına inanırıq. Perspektivli və potensiallı uşaqlar kifayət qədərdir. Hazırda məktəbdə 100-dən çox uşaq məşq edir”.


