"Hər şey üçün təşəkkürlər" - Aleks Souza "Turan Tovuz"la vidalaşdı
"Burada yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə "Turan Tovuz"a çox minnətdaram. Hər zaman yanımda olan klubun İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm".
"Mediasport" xəbər verir ki, bu fikirlər "Turan Tovuz"dan ayrılan Aleks Souzaya məxsusdur.
Yaponiyanın "Kyoto" klubu ilə anlaşan braziliyalı forvard sosial şəbəkə hesabında etdiyi paylaşımla komandası ilə vidalaşıb:
"Karyeramda önəmli dövrü başa vururam. Özümlə təcrübələr, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram.
Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm".
Xatırladaq ki, 24 yaşlı Aleks 2024-cü ildən formasını geyindiyi tovuzluların heyətində 69 rəsmi oyun keçirib, 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
