"Qarabağ" turnir keçirəcək
"Qarabağ"ın təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında minifutbol turniri təşkil olunacaq.
"Mediasport" xəbər verir ki, turnirdə yalnız Peşəkar Futbol Liqasının (PFL) 2025/2026-cı il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edə bilərlər.
Hər komandanın heyəti minimum 10, maksimum 12 oyunçudan ibarət olmalıdır.
Komandasını formalaşdıran kapitanlar iştirak ərizəsini 12 iyul saat 18:00-dək press@qarabagh.com elektron-poçt ünvanına göndərməlidirlər.
Qeyd olunan müddətdən sonra göndərilən müraciətlər qəbul edilməyəcək.
Təqdim olunan məlumatların düzgünlüyünə komanda kapitanı məsuliyyət daşıyır.
Təşkilatçılar zərurət yarandığı halda iştirakçıların akkreditasiyalarını yoxlamaq və təsdiqedici əlavə məlumat tələb etmək hüququnu özündə saxlayır.
Turnirin bütün oyunları Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançasında keçiriləcək.
Yarışın formatı qeydiyyatdan keçən komandaların sayı dəqiqləşdikdən sonra müəyyən olunacaq.
Turnirlə bağlı əlavə məlumat iştirakçılara daha sonra təqdim ediləcək.


