Dünya çempionatında bu gün ilk və son qızıl medalı qazana bilərik

Dünya çempionatında bu gün ilk və son qızıl medalı qazana bilərik

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı bu gün yekunlaşacaq.

"Mediasport" xəbər verir ki, 7-ci yarış günündə son medalçılar müəyyənləşəcək.

Azərbaycan komandasının bir üzvü bu mundialda ölkəmizə ilk və son qızıl medalı qazandıra bilər.

51 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz İbrahim Həsənov final qarşılaşmasında İran təmsilçisi Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.

Medal görüşləri Bakı vaxtilə saat 18:00-da başlanacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatında Azərbaycanı 9-u qız olmaqla, 29 güləşçi təmsil edib.

Əvvəlki yarış günlərində yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal əldə ediblər.