Santuş: "Komandamı Macarıstan yığmasına qarşı hazırlamışam"

Santuş: "Komandamı Macarıstan yığmasına qarşı hazırlamışam"

Futbol üzrə Azərbaycan yığması sabah növbəti yoldaşlıq oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, komandamız Bakıda Macarıstan millisi ilə qarşılaşacaq.

Matçdan öncə keçirilən mətbuat konfransında iştirak edən yığmamızın baş məşqçisi Fernandu Santuş fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Bizim üçün vacib oyundur. Bütün rəqibləri təhlil edirik və hər birinə hörmətlə yanaşırıq. Rəqibin oyun üslubunu bilirik. Çətin oyun olacaq. Buna baxmayaraq, futbolçularımız istəkli və motivasiyalıdırlar. Ümid edirəm, sabah bunu meydanda göstərə biləcəklər".


Heyətdə zədəli futbolçular var?

- Yalnız Elvin Bədəlovdur.

Latviya ilə oyunla müqayisədə dəyişikliklər etməyi planlaşdırırsınız?

- Əlbəttə ki, oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq. 

Hər iki komanda son oyunlarda qələbə qazana bilməyib. Sabah azarkeşləri nə gözləyir? Macarıstan millisinin üstün cəhətləri hansılardır?

- Macarıstan millisini yaxşı tanıyıram. Onlarla bir neçə dəfə qarşılaşmışam. Çox yaxşı təşkil olunmuş komandadır. Bizə də qələbə lazımdır. Sabah hər iki komandadan yaxşı oyun gözləyirəm.

Macarıstan millisini necə xatırlayırsınız?

- Çox yaxşı komandadır. AVRO-2020-də ilk oyunumuz onlara qarşı olub. 80 dəqiqə oyun heç-heçə gedirdi. Macarıstan futbolu son dövrlərdə inkişafdadır. Keçmişi xatırlamaq istəmirəm. Öz komandamı hazırkı Macarıstan yığmasına qarşı hazırlamışam.