"Lob Sport"da "Azərbaycan derbisi": "10 ay sonra eyni kluba qol vurdu"

"Lob Sport"da "Azərbaycan derbisi": "10 ay sonra eyni kluba qol vurdu"

Monteneqro mətbuatında Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - "Qarabağ" qarşılaşması haqda yazı dərc edilib.

"Mediasport" xəbər verir ki, "Lob Sport" nəşrində yer alan məqalədə hər iki klubun heyətində forma geyinən monteneqrolu futbolçulara diqqət çəkilib.

Həmkarlarımız görüşün taleyini həll edən yeganə qolun müəllifi Marko Yankoviç barədə daha ətraflı yazıblar.

Qeyd olunub ki, "Qarabağ"ın üzvü 10 ay sonra növbəti qolunu yenidən "Neftçi"yə vurub:

"Bu, Marko Yankoviçin keçən ilin aprelindən bəri ilk qolu idi. Monteneqro millisinin futbolçusu "Azərbaycan derbisinin" nəticəsini həll etdi. Kevin Medina meydandan qovulduqdan sonra 22-ci dəqiqədən azlıqda oynayan hazırkı Azərbaycan çempionu say azlığına baxmayaraq, qələbəni təmin edə bildi.

Yankoviç 87-ci dəqiqədə məşhur “panenka”dan istifadə edərək penaltini qola çevirdi. Monteneqro millisinin futbolçusu Çexoslovakiya millisinin əfsanəvi futbolçusu Antonin Panenkanın adını daşıyan zərbəni sakitcə yerinə yetirdi. Maraqlıdır ki, Marko 10 ay sonra eyni kluba qol vurdu.

O, bütün 90 dəqiqəni meydanda oldu, komanda yoldaşı Marko Vesoviç oyunu ehtiyat oyunçular skamyasından izlədi. Bu görüşə monteneqroluların qarşıdurması da demək olar. “Neftçi”nin futbolçusu Edvin Kuç da meydanda idi".