Çingiz Hüseynzadə AOK-un 55-ci Baş Assambleyasında iştirak edib
Bu gün Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov Macarıstanın paytaxtı Budapeştdə start götürən Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyasında iştirak ediblər.
"Mediasport" xəbər verir ki, iki gün davam edəcək tədbirə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kristi Koventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkə MOK-larının rəsmiləri qatılıblar.
Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılacaq. İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndiriləcək, həmçinin Milan-Kartino 25-ci Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının hesabatı dinləniləcək.
Baş Assambleya zamanı həmçinin "Ən yaxşı avropalı gənc atlet" üçün nəzərdə tutulan 14-cü "Pyotr Nurovski" mükafatı və Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeninə layiq görülmüş şəxslərin mükafatlandırılma mərasimi də keçiriləcək.
Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin "Olimpiya çələngi" mükafatı öz sahibinə təqdim olunacaq. Bundan başqa, iclasda Braşov-2027 XVIII Qış Avropa Gənclər Olimpiya Festivalı və Linyano-Sabbiadoro-2027 XIX Avropa Gənclər Yay Olimpiya Festivalı və AOK-un komissiyasının hesabatları, WADA-nın tibb və antidopinqlə bağlı hesabatları dinləniləcək.
İclasda 2027-ci ildə Monakoda keçiriləcək Kiçik Avropa Dövlətlərinin Oyunları ilə bağlı təqdimat və yeniliklərlə bağlı müzakirələr aparılıb.
İclasın sonuncu günündə AOK-un 56-cı Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi elan olunacaq.


