Millilərimiz 8-ci yeri tutdular

20 yaşadək qız və oğlanlar arasında keçirilən çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.
"Mediasport" xəbər verir ki, Litvanın Vilnüs şəhərində təşkil olunan yarışda Azərbaycan milliləri 8-ci yeri tutublar.
Turnirdə Litva, Latviya, Polşa, Estoniya, Ukrayna, Ermənistan və Gürcüstandan ümumilikdə 15 qız və 15 oğlan komandası mübarizə aparıblar.
Ölkəmizi oğlanların mübarizəsində İbrahim Məmmədov-Muhəmməd Aslanlı, qızların yarışında isə Xədicə Hadızadə-Cəmilə Bəşirova dueti təmsil edib.
Komandalarımız turnirdə iki dəfə Ermənistan və Gürcüstan milliləri ilə qarşılaşıb və hər iki görüşdə qalib gəliblər.
Qeyd edək ki, çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət komandalarımız 30 iyun - 5 iyul tarixlərində Latviyanın Cesis şəhərində təşkil olunacaq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.