"Niderlandda hamı düşünür ki, "Qarabağ" qalib gələcək"

"Niderlandda hamı düşünür ki, "Qarabağ" qalib gələcək"

"Qarabağ" Futbol Akademiyasının sabiq koordinatoru Con Van Loen "Report"un suallarını cavablandırıb.

"Mediasport" xəbər verir ki, 2014-2016-cı illər aralığında Azərbaycanda işləyən 60 yaşlı niderlandlı mütəxəssis ölkəsinin "Ayaks" komandasının UEFA Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

Niderland millisinin və Amsterdam təmsilçisinin keçmiş hücumçusu Azərbaycan futbolu haqqında da danışıb.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Ayaks"la üz-üzə gələcək. Matçdan gözləntiləriniz nədir?

- Komandanız "Ayaks"a çox ciddi çətinliklər yaradacaq. Mən belə düşünürəm. Hətta "Qarabağ"ın qələbə şansının daha çox olduğunu deyərdim.

Azərbaycan çempionu 7 xalla 19-cu, rəqib isə sıfır xalla sonuncu pillədə qərarlaşıb. Mövsümün əvvəlində belə olacağını gözləyirdiniz?

- Niderlandda heç kim "Ayaks"ın bu qədər zəif oynayacağını, üstəlik, Çempionlar Liqasında uğursuz çıxış edəcəyini proqnozlaşdırmırdı. Çünki "Ayaks" həmişə hücum futbolu ilə tanınıb və normalda çox qol buraxmayan komandadır.

Bəs "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?

- Məncə, "Qarabağ" böyük komandalarla oyunlarda çox əla çıxış edir. Elə buna görə də sabah gerçəkləşəcək matçın favorit sayılırlar. Niderlandda da hamı düşünür ki, "Qarabağ" qalib gələcək.

Hansısa azərbaycanlı futbolçunun "Ajaks"da və ya Niderlandın başqa bir məşhur klubunda oynamaq şansı var?

- Azərbaycan futbolunda böyük potensial görürəm. Yaxşı akademiya qurulsa və gənclərə şans verilsə, gələcəkdə daha çox azərbaycanlı futbolçu inkişaf üçün xarici klublara gedəcək.

Bu arada "Qarabağ"ın U-19 komandası da UEFA Gənclər Liqasında "Ajaks"la oynayacaq. Bu matç haqqında nə deyə bilərsiniz?

- Bu görüşdə "Qarabağ"ın qələbə qazanacağını düşünmürəm. Çünki "Ayaks"ın gənclər kollektivi çox güclüdür və onlar daha çox təcrübəyə malikdirlər.

Azərbaycanda işləmisiniz. Sizcə, niyə aşağı yaş qrupları istənilən səviyyədə inkişaf etmir? Problem nədir?

- Azərbaycan futbolunda nəyin düz getmədiyini bilmirəm. Bəlkə də klub akademiyalarının daha yaxşı təşkil olunmasına və doğru insanların doğru vəzifələrdə olmasına ehtiyac var. Gənclərlə iş həm taktiki, həm də fiziki baxımdan onları stimullaşdırmaqdan və motivasiya verməkdən keçir.

Əvvəllər Gürcüstanda da çalışmısınız. Bəs niyə bizlə müqayisədə bu ölkədən dünya səviyyəli futbolçular çıxır?

- Bu, çox çətin sualdır, çünki Gürcüstanda da demək olar yaxşı akademiyalar yoxdur. Sadəcə, düşünürəm ki, Gürcüstanda bir çox uşaqlar uğur qazanmaq üçün nizam-intizama hər şeyi qurban verməyə hazırdır. Bəlkə Azərbaycanda da belədir, sadəcə, düzgün şəkildə yönləndirilmirlər.