"Özüm də gördüm ki, oyunçularım nəticədən məyus olublar"
"Birinci hissə o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirdik. Bilirik ki, o matçlar o qədər də vacib deyil. Burada isə tələblər çətindir".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 17-ci turunun "Zirə" ilə ev oyunu haqda danışıb, 0:0 hesabı ilə başa çatan matçı şərh edib:
- Hər matçda xal qazanmalıyıq. Bu gün olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik. Ola bilər ki, psixoloji durum futbolçulara imkan vermədi ki, istədiyimiz kimi oyun sərgiləyək. Bundan çox məyus olmuşam.
İkinci hissədə bəzi dəyişikliklər etdik. Birinci hissədə meydanda iki dayaq yarımmüdafiəçimiz var idi. Metyu İfeanyini saxladıq, Freddi Varqas və Emin Mahmudov onun qarşısında idi. Birinci hissədə fərq ondan ibarət idi ki, cinahdakı hücumçular arasında məsafə böyük idi. Özüm də gördüm ki, oyunçularım nəticədən məyus olublar. Hələ qarşıda görəcəyimiz iş çoxdur, 16 oyunumuz var. Nəticələr qazanmaq üçün öz üzərimizdə daha çox işləyəcəyik.
Elvin Bədəlov tez-tez hücuma çox çıxırdı. Bu, sizin tapşırığınız idi?
- Bizdə elə tələb var ki, əgər müdafiəçilərimiz topu qəbul edirlərsə, topla da hərəkət etməlidirlər. Məsafə baxımından önəmlidir. Biri var dayandığı yerdən ötürmə etmək, biri də var topla hərəkətlənib bunu daha irəlidə etmək. Bütün dünya indi belə oynayır.
Qış toplanışında daha çox Emil Balayev qapıda idi. İndi isə Kenan Piriçə şans verdiniz. Demək olar ki, özünüz üçün heyət formalaşdırmısız?
- Toplanış toplanışdır. Biz həmin vaxt futbolçularla tanış olurduq. Sonuncu oyunda isə bugünkü heyət oynamışdı. Ona görə də həmin heyəti seçmək qərarı verdik. Nəzərə alaq ki, 22 futboçu var, hamısı oynamaq istəyir. Əlimdən gələni edəcəm ki, hamısı oynasın. Qapıçı məşqçimiz "Beşiktaş"da işləyib. Ona tam etibar edirəm. Toplanışda gördüm ki, oyunçularla necə işləyir. Vaxt gələcək, Rza Cəfərov da, Emil Balayev də oynayacaq. Baş məşqçi kimi bu gün seçimim Piriç idi. Qol buraxmadığı üçün demək olar, doğru seçim idi. Nəticə fərqli olsaydı, digər oyunçulara da şərait yaratmaq haqda düşünərdim.
Komandada eyni səviyyədə 22-23 fubtolçu var. Demək olar ki, "Şerif” və “Krivbass”la müqayisədə bu mənada ən yaxşısı "Neftçi"dir?
- 22 nəfər futbolçu var, toplanışda da gördüz ki, hamısı oynamaq istəyir. Pis oyun göstərmədilər. Həmin vaxt basqı da az idi. Amma gözəl oynadılar. Fərq etmir, hər mövqedə 2 oyunçum var. Biri digərindəm bir az güclü, bir az zəif ola bilər. Amma bu, önəmli fakt deyil. Bəziləri var ki, sürətdə yaxşıdır, bəziləri topu almaqda yaxşıdır və s.. Burada olan heyət "Krivbass"dan daha güclüdür. Lakin onların başqa üstünlüyü var idi. Onlar qələbədən baqa heç nə istəmirdilər. Nəticədə bürünc medal qazandılar. Ümid edirəm ki, bizim oyunçular da belə olacaqlar. Nəticə əldə etmək üçün ac olsunlar. İstəyərdik ki, ən yuxarıda olaq. Amma ən azından başlanğıc üçün hansısa nəticə göstərməlidirlər. Necə olacağını zaman göstərəcək.
Söz verirsiniz ki, "Neftçi"yə uğur qazandıracaqsınız? Ümumiyyətlə, inamınız neçə faizdir?
- İnanmasaydım, burada olmazdım. Həyatda ən önəmlisi nəyəsə inanmaq və arzu etməkdir. Bunlar olmasa, həyatın nə mənası olar?
