"Prezident Kuboku" yarışı ilk dəfə Sərsəngdən start götürəcək
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 27 aprel – 1 may aralığında keçiriləcək avarçəkmə üzrə "Prezident Kuboku 2026" ilk dəfə Sərsəng su anbarından start götürəcək.
Bu barədə "Mediasport"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada 16 ölkə idmançıları yarışacaqlar.
Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq avarçəkən mübarizə aparacaq.
Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq.
Bununla Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.
Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək.
Aprelin 29-da Suqovuşan su anbarında yarışlar davam edəcək.
"Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində reallaşacaq.
Reqata mayın 1-də yekunlaşacaq.
