"Qarabağ"ın legioneri yayda hansı klubla müqavilə bağlayacaq?
"ABŞ-dən sorğular var idi. Ancaq mən avrokuboklarda oynamaq istəyirəm. Ona görə MLS-ə transfer imkanını rədd etdim".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.
Polşa mətbuatına açıqlama verən 25 yaşlı qolkiper okeanın o tayına yollanmaq fürsətinə isti yanaşmadığını bildirib:
"Avrokuboklarda oynamaq niyyətindəyəm. Məni burada çıxış edən klublar maraqlandıracaq. Harada oynayacağımı bilmirəm.
Buna bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasında oynamaqdır.
Ancaq ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Məni yalnız oynamaq və əsas qapıçı olmaq maraqlandırır".
Xatırladaq ki, bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu oyunları ilə Avropanın tanınmış klublarının diqqət mərkəzinə düşən Mateuş Koxalski "Qarabağ"da 2024-cü ilin avqustundan forma geynir.
Liqa mərhələsindən sonra onunla "Bayer" (Almaniya), "Napoli" (İtaliya) kimi komandalar maraqlanıb.
O, "atlılar"ın əsas heyət üzvü olduqdan sonra Polşa milli komandasına dəvət alıb və hazırda DÇ-2026-nın final mərhələsinə yollanmaq imkanı var.
