"Qazaxıstan yığması ilə oyunda komandamız əsl xarakter göstərdi"

"Qazaxıstan yığması ilə oyunda komandamız əsl xarakter göstərdi"

“Ötən il də bu turnirdə iştirak etmişdik. Bir il ərzində nələrə nail olduğumuzu görmək baxımından builki turnirdə çıxışımız mənə də maraqlı idi".

"Mediasport" xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda Qazaxıstan yığması üzərində 2:1 hesablı qələbəni şərh edib:

"Komanda ilə söhbətimiz də olmuşdu. Rusiya ilə ilk oyunda futbolçularda həyəcan var idi. Ancaq komanda qısa müddətdə toparlandı, qələbəyə kökləndi. Nəticədə İran yığmasını məğlub etdik.

Bu qalibiyyət Qazaxıstanla matç öncəsi uşaqlara əlavə motivasiya verdi. Qazaxıstanla oyunda komandamız əsl xarakter göstərdi".

İ.Yadullayev sabah Özbəkistan yığmasına qarşı keçiriləcək üçüncü yer uğrunda matçda qələbə qazanmağa çalışacaqlarını bildirib:

“Özbəkistan yığması da bizim kimi, qrupunda ikinci yeri tutub. Çox güclü komandadır. Buna baxmayaraq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.