"Həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olmuşam"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Özbəkistanda keçirilən təlim-məşq toplanışı barədə fikirlərini bildirib.
"Mediasport" xəbər verir ki, millinin çalışdırıcısı uğurlu nəticələr haqda düşündüklərini söyləyib.
O, noyabrda Maltada baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarından öncəki son təlim-məşq toplanışı keçirdiklərini vurğulayıb:
"Özbəkistanla iki yoxlama oyunu keçirəcəyik. Rəqib çox güclü komandadır. Bu matçlarda gücümüzü sınayacağıq və seçmə mərhələyə nə dərəcədə hazır olduğumuzu görəcəyik.
Həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olmuşam. Çünki belədə çatışmazlıqlarımızı görürük və həmin səhvlərin üzərində işləməyə başlayırıq.
Bəzi futbolçularımız U-21 millimizə dəvət alıblar. Bu səbəbdən Özbəkistanla görüşlərdə yeni oyunçulara da şans verəcəyik. Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq".
Qeyd edək ki, U-19 millimiz toplanış çərçivəsində oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.